Rəsmi Bakı ikitərəfli münasibətlərin normallaşamsı məsələlərinin müzakirəsi məqsədilə Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüş imkanını istisna etmir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevabəyan edib.
“Biz postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu-Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik”, - Abdullayevanın bəyanatında deyilir.
Onun sözlərinə görə, Azərbaycan məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
“Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik”, - o vurğulayıb.
Eyni zamanda, Abdullayeva qeyd edib ki, hazırkı mərhələdə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir.
O hesab edir ki, kommunikasiyaların açılışı, o cümlədən, sərhədlərin delimitasiyası xüsusi diqqət tələb edən əsas məsələlərdir.
“Hesab edirik ki, kommunikasiyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər”, - XİN-in nümayəndəsi əlavə edib. **
X.Nəsirzadə