2020-ci ildə SOCAR şirkətinin yataqlarından neft hasilatının maya dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə bir ton üçün 4% - 118,85 manatadək azalıb.
Bu barədə SOCAR-ın saytında dərc olunan şirkətin 2020-ci il ərzində illik hesabatında deyilir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bir ton neftin maya dəyəri strukturunda materiallara xərclərin payı 3,4%, əmək haqqının 16,4%, sosial sığorta üçün ayırmalar 3,4%, amortizasiya ayırmaları 19,55%, təmir işlərinə xərclər 9,1%, əsas vəsaitlərə texniki xidmət 5,1%, nəqliyyat xərcləri 15,4%, mədən vergisi 8,1% və s. təşkil edir.
2020-ci ildə bir ton neftin maya dəyərinin azalması materiallara xərclərin payının 15,2%, elektrik nerejisi xərclərinin 17,6%, %, əsaslı və texniki təmirə xərclərin 17,8%, nəqliyyat xərclərinin 10,8%, mədən vergisi xərclərinin 3,9% və digər xidmətlər üçün xərclərin 10,5% azalması ilə şərtlənir.
Hesabata əsasən, mədən vergisi nəzərə alınmadan, 2020-ci ildə SOCAR şirkətinin hasil etdiyi bir ton neftin maya dəyəri 107,59 manat təşkil edib (2019-cu illə müqayisədə azalma 4,5%).
“Azneft” İB-nin nəqliyyat xərcləri və digər xərcləri nəzərə alınmaqla, hasil olunan bir ton neftin tam maya dəyəri 153,56 manat təşkil edib.
2020-ci ildə SOCAR üzrə neft hsilatı 7 milyon 407,2 min ton (azalma 3,6%) təşkil edib. Eyni zamanda, 6 milyon 109,9 min ton neft “Azneft” İB-nin (azalma 3,7%), 1 milyon 297,3 min ton quru yataqların işlənməsi ilə məşğul olan birgə müəssisələr və əməliyyat şirkətlərinin payına düşüb (azalma 3%).
SOCAR-ın məlumatına görə, 2021-ci il yanvarın 1-nə Azərbaycanın neft sənayesinə xarici sərmayələrin ümumi həcmi $95,1 milyard təşkil edib.
2021-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 2,11 milyard tondan artıq neft və 900 milyard kubmetrdən çox qaz hasil olunub. İndiyədək Azərbaycanda hasilatın pay bölgüsü ilə bağlı 37 saziş imzalanıb (Xəzərin Azərbaycan sektorunda 21 sahə üzrə, 16 sahə üzrə - quruda),onlardan 18-i reallaşdırılır (7 sahə üzrə dənizdə, 11-i - quruda). **
N.Abbasova