Azərbaycan prezidenti İlham Əliyev Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlıbəzi məsələlər haqqında fərman imzalayıb.
Cümə axşamı dövlət başçısının saytında dərc olunan fərman aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanmasına yönəlib.
Fərmana əsasən, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının onların müraciəti əsasında dövlət büdcəsinin vəsaiti hesabına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və dövlət reyestrindən çıxarışların, torpaq sahələrinin plan və ölçülərinin təqdim olunmasını İqtisadiyyat Nazirliyi təmin edəcək.
Fərmana uyğun olaraq, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək.
Nazirlər Kabinetinə hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmini bir ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan prezidentinə məlumat vermək tapşırılır.
Fərmana əssən, Maliyyə Nazirliyi hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi üçün 3,5 milyon manat məbləğində vəsaiti 2022–2024-cü illər üzrə dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır. *
E.Şəfiyev