Azərbaycan prezidenti İlham Əliyev Bəluçistan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla əlaqədar pakistanlı həmkarı Arif Alviyə başsağlığı verib.
“Ölkənizin Bəluçistan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”, - Azərbaycan liderinin saytında dərc olunan Əliyevin başsağlığı məktubunda deyilir.
Xəbər verildiyi kimi, oktyabrın 7-nə keçən gecə Bəluçistan əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Təkanların episentri 10 km dərinlikdə və Kvetta şəhərindən təxminən 100 km aralıqda yerləşib. Nəticədə, 100-dən çox ev dağılıb, çox sayda evərə, o cümlədən hökumət binalarına zərər dəyib. Ən azı 20 nəfər həlak olub, 200-dən artıq şəxs yaralanıb. **
E.Şəfiyev