Oktyabrın sonunda İslam İnkişaf Bankının Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı çərçivəsində “SUKUK - Azərbaycanda alternativ maliyyələşmə mexanizmi” mövzusunda vebinar keçiriləcək.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, konfrans oktyabrın 26-da baş tutacaq.
“Konfransda islam maliyyə sisteminin qlobal miqyasda inkişafından və bu alternativ maliyyə mexanizminin infrastruktur layihələrində və dövlət-özəl tərəfdaşlığında tutduğu mövqedən bəhs ediləcək”, - deyə məlumatda bildirilir.
Vebinar alternativ maliyyə mexanizmi olan SUKUK-un Azərbaycanda təşviq edilməsinə xidmət edəcək. Həmçinin SUKUK-un alternativ maliyyə mexanizmi kimi Azərbaycanda infrastruktur və dövlət-özəl tərəfdaşlığı layihələrində tətbiq oluna bilmə məsələləri müzakirə ediləcək.
Mərkəzin məlumatına görə, alternativ maliyyələşmə mexanizmi ABŞ, Avropa İttifaqı ölkələri kimi inkişaf etmiş ölkələrdə tətbiq edilir. Ümumilikdə, islam maliyyə sektorunun cəmi qlobal maliyyə aktivləri 2.88 trilyon ABŞ dolları ətrafındadır və bu göstəricinin 2024-cü ilə qədər 3.69 trilyon ABŞ dolları olması gözlənilir.*
X.Nəsirzadə