İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi 2021-ci ilin yanvar-sentyabr ayları ərzində vergi cinayətləri faktları üzrə başlanmış cinayət işləri çərçivəsində dövlət büdcəsinə 27,3 milyon manat vəsaitin ödənilməsini təmin edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DVX-dən məlumat verilib.
İdarədə vergi ödəməkdən yayınma və xüsusi razılıq (lisenziya) olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 521 cinayət işi başlanıb. 229 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 151 cinayət işinin icraatına xitam verilib. İcraatı tamamlanmış cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla dövlət büdcəsinə 27,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
87 nəfər barəsində ittiham elan edilməklə 78 cinayət işi məhkəməyə göndərilib.
2021-ci ilin 9 ayı ərzində ümumilikdə 30,7 milyon manat məbləğində ziyanın ödətdirilməsi təmin olunub.
Yanvar-sentyabr aylarında 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib, vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 12 nəfər şəxs tutularaq istintaqa təhvil verilib.*
X.Nəsirzadə