Azərbaycan hökuməti Hadrut qəsəbəsini bərpa etməyi və beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirməyi planlaşdırır. Bunu Prezident İlham Əliyev deyib.
“Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik”, - deyə dövlət başçısı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq - bitkiçilik, heyvandarlıq, üzümçülük. Kənd təsərrüfatı ilə bərabər, bura çox dəyərli turizm mərkəzi olacaq. Çünki Xocavənd rayonunun turizm potensialı çox genişdir.
İ.Əliyev əlavə edib ki, ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. “Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar”, - deyə prezident qeyd edib.
O bildirib ki, tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorların da dəvət edilməsi planlaşdırılır. “Bu bölgənin saf təbiətini biz qorumalıyıq”, - deyə İ.Əliyev vurğulayıb.*
A.Salayeva