Prezident İlham Əliyev bildirib ki, Hadrutun baş planı üzərində işləməyi tapşırıb.
“Hadrutun baş planı, onun ilkin versiyası mənə təqdim edildi. Mənim bir çox iradlarım olub, ona görə mən bu gün o planı gətirmədim. Çünki hələ onun üzərində işləmək lazımdır. Ancaq hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik”, - deyə dövlət başçısı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən söyləyib.
O qeyd edib ki, artıq Hadrutun bərpası işlərinə start verilib.
“Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir. Çünki sovet vaxtında Hadrut qəsəbəsində yaşayanların əksəriyyəti ermənilər idi. Onlar, əlbəttə ki, burada məscidin inşasına imkan verməzdilər və bilirik ki, bütövlükdə sovet dövründə - ateizm dövründə məscid tikmək mümkün deyildi”, - deyə prezident əlavə edib.*
A.Salayeva