İran ilə dövlət sərhədi Azərbaycan sərhədçilərinin tam nəzarəti altındadır, regionda üçüncü ölkələrin qüvvələri yoxdur. Bu barədə Dövlət Sərhəd Xidmətindən bəyan ediblər.
“Son günlərdə İran İslam Respublikasının kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibəsində İİR Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilmişdir. Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmamışdır, hazırda da yoxdur və bundan sonra da olmayacaqdır”, - “İnterfaks-Azərbaycan”a DSX-nin Mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd mühafizə orqanlarının tam nəzarəti altındadır.
“Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraqlarına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Qeyd edilənləri nəzərə alaraq, İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - DSX-dən bəyan ediblər.
Vurğulanıb ki, Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azərbaycan Respublikasının suveren hüququdur. **
E.Şəfiyev