Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) oktyabr ayının sonunadək Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə 10 milyon avro dəyərində krediti təsdiq etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
«Bank bərk məişət tullantılarının yığılması infrastrukturunun modernləşdirilməsini, həmçinin İB-nin əməliyyat və maliyyə efektivliyinin artırılmasını dəstəkləyəcək. 2021-ci il oktaybrın 26-dək bu məqsədlər üçün kreditin təsdiqi nəzərdə tutulur”, - bankdan vurğulanır.
AYİB-in qiymətləndirmələrinə görə, layihə Gəncə şəhərində xidmətlərin əhatəsi və ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartlarının qorunması nöqteyi-nəzərindən tullantıların yığımı üzrə xidmətləri yaxşılaşdırmağa imkan yaradacaq.
Layihənin ümumi dəyəri 10 milyon avro həcmində qiymətləndirilir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövrü ərzində AYİB Azərbaycanda 177 layihənin maliyyələşdirilməsinə təxminən 3,5 milyard avro vəsait ayırıb. Hazırda bankın Azərbaycan üzrə aktiv portfeli 36 layihədən ibarətdir, bu layihələrə 1,124 milyard avro ayrılıb. **
A.Əzizov