Azərbaycanda dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin qüvvədə olan tariflərinə güzəştlərin tətbiqi planlaşdırılır.
“Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib. İclasda Azərbaycan üzərindən tranzit daşımalarının cari vəziyyəti üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda “Bir pəncərə” prinsipinin tətbiq edilməsi şərtilə elektron portalın yaradılması prosesi müzakirə predmeti olub”, - nazirliyin məlumatında deyilir.
Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tarifləri və həmin tariflər üzrə güzəştlərə dair təkliflərin Koordinasiya Şurasının Katibliyinə təqdim olunması qərara alınıb.
“Bildirilib ki, e-portalda ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı yükdaşımaların vahid tarifləri, sərhəd keçmə prosedurları, yükdaşımalar üzrə daşıma qaydaları və şərtləri, o cümlədən müqavilələrin şərtləri, bağlanma qaydası və digər məsələlər öz əksini tapacaq”, - nazirlikdən vurğulanır.
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır. **
N.Abbasova