Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təliminin gedişatı ilə tanış olublar.
“HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov təlim barədə brifinq təqdim edib. Məruzə olunub ki, komanda qərargah təlimində Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə xəritə üzərində tapşırıqlar icra ediləcək”, - nazirliyin məlumatında deyilir.
Qeyd edilib ki, təlimin əsas məqsədi komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbul etmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır.
Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək. **
E.Şəfiyev