Azərbaycan prezidenti İlham Əliyev“Dövlət Dəniz və Liman Agentliyi”publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, Agentlik Dövlət Dəniz Agentliyinin, habelə Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılır.
Dövlət Dəniz və Liman Agentliyinin nizamnamə fondu 6 milyon 228,052 min manat təşkil edir.
Agentlik Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlər görən, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edən və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərəcək.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 4 üzvdən – sədr və onun 3 müavinindən ibarət İdarə Heyəti yaradılır.
Nazirlər Kabineti Agentliyin yaradılması, habelə dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə əlaqədar təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
O cümlədən, Nazirlər Kabinetinə Agentliyin 2021-ci ildə saxlanılması xərclərinin bu fərmanın 1-ci hissəsində göstərilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görmək tapşırılır.
Fərmanın mətni bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə