Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kamola Mahmudova təyin olunub.
Mahmudova bu vəzifədə İvana Duarteni əvəzləyəcək. AYİB-in məlumatına görə, Duarte 2016-2021-ci illərdə ofisə rəhbərlik edib.
Məlumatda qeyd olunur ki, Mahmudova 2022-ci ildə Bakıya gələcək.
AYİB Azərbaycanda ən iri institusional investorlardan biridir. 1992-ci ildən etibarən AYİB Azərbaycanda 177 layihənin reallaşdırılmasına 3,2 milyard avro investisiya yatırıb. Bank əsas diqqəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı, yerli bankların güclənməsi, “yaşıl” iqtisadiyyata sərmayələrin artımına yönəldib.
"Mən AYİB-in portfelində "yaşıl" keçid flaqmanı olmaq üçün tam potensiala malik Azərbaycan kimi ölkədə Bankın əməliyyatlarına rəhbərlik etməkdən məmnunluq duyuram. "Yaşıl" keçid hər bir ölkə üçün böyük çağırışdır və biz bu səylərin həyata keçirilməsi istiqamətində Azərbaycana kömək edə bilərik. Məqsədimiz özəl sektora prioritet verilməklə, uzunmüddətli və səmərəli maliyyənin təmin edilməsindən ibarətdir", - AYİB-in məlumatında Mahmudovanın sözləindən sitat gətirilir.
Mahmudova Özbəkistan və Böyük Britaniya vətəndaşıdır. **
N.Abbasova