Azərbaycan və Serbiya arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönələn 3 sənəd imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyi Serbiya XİN-ə istinadən məlumat verir ki, Bakı və Belqrad arasında “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Serbiya XİN arasında siyasi məsləhətləşmələr haqqında anlaşma meorandumu”, “Azərbaycan XİN ilə Serbiya XİN arasında konsulluq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu” imzalanıb.
Sənədləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Serbiyanın xarici işlər naziri Nikola Selakoviç imzalayıblar.
Viza tələbinin aradan qaldırılması haqqında sazişi şərh edən Selakoviç qeyd edib ki, bu addım iki ölkənin vətəndaşları arasında təmasların və əməkdaşlığın yaxşılaşmasına yönəlib.
“Qarşıda çox sayda planlarımız var, gələcək əməkdaşlıq üçün potensial mövcuddur”, - Selakoviç vurğulayıb ki, bu yaxınlarda Belqrad “Serbiyanın və serb xalqının böyük dostu olan” Azərbaycan prezidenti İlham Əliyevi qəbul edə biləcək.
Serbiya XİN başçısı vurğulayıb ki, imzalanmış sənədlər Bakı və Belqradın hazırladığı əməkdaşlıqğa dair sazişlər paketinin yalnız bir hissəsidir.
Öz növbəsində, Bayramov qeyd edib ki, 2022-ci ildə Serbiya və Azərbaycan ikitərəfli münasibətlərin qurulmasının 25 illiyini qeyd edəcəklər. “Münasibətlərimizin və strateji tərəfdaşlığın inkişafına bu cür yanaşmada iz müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirə biləcəyik”, - Bayramov vurğulayıb ki, iki ölkə arasında siyasi dialoq beynəlxalq hüquq norma və prinsiplərinə riayət olunmaqla davam etdiriləcək. **
N.Abbasova