Dövlət Sərhəd Xidməti 102,424 kiloqram ümumi çəkidə narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsi ilə bağlı bir neçə cəhd barədə məlumat verir.
Hər üç fakt Azərbaycan-İran sərhədində baş verib.
DSX-nin məlumatına görə, 11 oktyabr tarixində Biləsuvar rayonunun Biləsuvar kəndi istiqamətində dövlət sərhədinin yaxınlığında 4 ədəd bağlamadan təxmini çəkisi 19 kiloqram 600 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkarlanaraq götürülüb.
Həmin gün saat 20:40 radələrində eyni ərazidəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd pozucularından biri ərazidən uzaqlaşmağa çalışarkən üzərində idman çantası ilə saxlanılmış, digər iki nəfər isə sərhəd naryadlarının “Dayan” əmrinə tabe olmayaraq əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar. Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1988-ci il təvəllüdlü Şahmüqəddəm Cəfər Həsən olması müəyyənləşdirilmiş, onun əlindəki çantaya və ərazidən götürülmüş bağlamalara baxış zamanı təxmini çəkisi 35 kiloqram 590 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunub.
Oktyabrın 12-də saat 07:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən su səthində bir ədəd şübhəli bağlama aşkarlanmışdır. Bağlamaya baxış zamanı ümumi çəkisi 47 kiloqam 234 qram narkotik vasitəyə, psixotrop tərkibli və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlar üzrə hazırda əməliyyat-istintaq tədbirləri həyata keçirilir. **
X.Nəsirzadə