Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2021-ci ilin sentyabr ayında valyuta hərraclarında $565,4 milyon məbləğində xarici valyuta satıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, ARDNF cari ilin avqust ayında valyuta hərraclarında $512,3 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, sentyabr ayında xarici valyuta satışının həcmi avqust ayı ilə müqayisədə 10,4% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin Fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2021-ci ilin yanvar-sentyabr aylarında ARDNF valyuta hərraclarında $4 milyard 305,4 milyon (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 23,3% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Neft Fondu 2020-ci ildə valyuta hərraclarında $7 milyard 303,64 milyon məbləğində xarici valyuta (2019-cu illə müqayisədə artım 10,7%) satıb.**
A.Əzizov