“Azərişıq” ASC Daşkəsən rayonu ərazisində yerləşən “Çovdar Filiz Emalı Sahəsi” və “Daşkəsən Dəmir Filizi” yatağlarının xarici elektrik təchizatı işlərinə 6 milyon manata yaxın vısait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, “Azərişıq” qeyd olunan işlərin icrası üçün “Enerji Construction” MMC ilə müqavilə imzalayıb.
Müqavilənin dəyəri - 5 milyon 794 min 920,55 manatdır.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları ilə zəngin sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
“Azergold” QSC 2017-ci ildən oksid mərhələsi çərçivəsində hasilata başlayıb. 2022-ci ildə sulfid mərhələsinə start verilməsi gözlənilir.
“AzerGold” QSC-nin saytında dərc olunmuş məlumata görə, yatağın təsdiq olunmuş ümumi qızıl resursları 1 661 000 unsiya (51.5 ton filiz) təşkil edir. Bu həcmin 363 500 unsiyası yerüstü (oksid), 1 298 000 unsiyası isə yeraltı (sulfid) filizlərin payına düşür.
“Daşkəsən” dəmir filizi sahəsinə 6 yataq daxildir: “Şimal-Şərq”, “Şimal-Qərb”, “Cənub-Şərq”, “Cənub-Qərb”, “Dəmirov”, “Dərdərə”. “AzərGold” QSC 2022-ci ilin sonunda “Daşkəsən” dəmir filizi sahəsində dəmir filizi konsentratının istehsalına başlamağı planlaşdırır. **
N.Abbasova