Belarusun nəqliyyat və kommunikasiyalar naziri Aleksey Avramenko Azərbaycanın Minskdəki səfiri Ülvi Baxşəliyevlə işçi görüşü keçirib.
“Görüşün gündəliyinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən nəqliyyat infrastrukturunun bərpası üzrə layihə-kəşfiyyat işlərində “Belqiprodor” və “Beljeldorproyekt İnstitutu” ”övlət müəssisələrinin iştirakı məsələsinin müzakirəsi daxil idi”, - Belarus Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin məlumatında deyilir.
Avramenko nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın geniş spektrini və hər hansı problemlərin olmadığını qeyd edib.
“Bu gün ölkələrimiz arasında sıx əlaqələr qurulub və biz Azərbaycanın nəqliyyat infrastrukturu obyektlərinin layihələndirilməsində iştiraka hazırıq. Bu sahədə bizim müvafiq qüclərimiz və mütəxəssislərimiz, ən əsası isə dəmir yolu sahəsində yüksək potensialımız var”, - nazir bildirib.
Öz növbəsində, Baxşəliyev ölkələrimiz arasında münasibətlərin strateji səviyyəsini və onların dostluq və tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib. “Ölkədə reallaşdırılması gərəkən çox sayda perspektiv layihələr var. Birgə fəaliyyətin uzlaşdırılmasında istənilən zəruri yardımı göstərəcəyik”, - səfir bildirib.
Həmçinin Baxşıliyev Belarusun nümayəndə heyətini bərpası tələb edilən obyektlərin öyrənilməsi üçün Azərbaycana dəvət edib.
“Görüşün yekununda tərəflər görüşdə qeyd olunan istiqamətlər üzrə birgə işin davam etdirilməsinə dair razılığa gəliblər”, - məlumatda vurğulanır. **
E.Şəfiyev