Çərşənbə axşamı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.
“Həsənov Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı ona ətraflı məlumat verib”, - nazirliyin məlumatında deyilir.
Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
“Öz növbəsində, Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb”, - MN-dən bildirilir.
Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb. **
E.Şəfiyev