Azərbaycan prezidenti İlham Əliyev “Pandora sənədləri”ndə onun barədə dərc olunan məlumatı şərh edərkən bəyan edib ki, bütün biznesini uşaqlarına ötürüb, onlar da bunu davam etdirirlər və xaricə yatırım həyata keçirirlər.
“Mən on səkkiz ildir Prezidentəm. Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər”, - Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, uşaqları, əsasən Azərbaycanda sərmayələri var. “Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz”, - prezident qeyd edib.
Əliyev əlavə edib ki, özü Pandora sənədləri”ni oxumayıb. “Mənə məlumat verildi və orada ola bilsin 5% həqiqətdir. Qalanı isə yalandır”, - dövlət başçısı vurğulayıb.
Prezident hesab edir ki, bu məqalə və onun ətrafında yaradılan səs-küy Azərbaycana qarşı yeni qarayaxma kampaniyasıdır. “Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik”, - Əliyev qeyd edib. **
B.Rüstəmbəyov