“PAŞA Bank” ASC 2021-ci iildə kreditləşmə seqmentində bazar payını 15%-dək səviyyədə saxlamağı planlaşdırır. Bu barədə “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Bəhruz Nağıyevbəyan edib.
“Hazırda (kredit portfeli üzrə -İF) bazar payımız 14% civarındadır, 2021-ci ilin yekunları üzrə biz bu rəqəmi 14-15% səviyyəsində saxlamağı planlaşdırırıq”, - Nağıyev çərşənbə günü bankın birinci yarımillikdə fəaliyyətinə həsr olunan mətbuat konfransında bildirib.
Nağıyev qeyd edib ki, yanvar-iyun ayları ərzində bank tərəfindən ayrılan kreditlərin həcmi 4% - 2 milyard 259,34 milyon manatadək artıb.
“İndiyədək kredit portfelimiz 2,4 milyard manata çatıb”, - o qeyd edib.
Bundan əlavə, Nağıyev bildiib ki, bankın strateji hədəflərindən biri kapitalın artırılmasıdır. “Biz kapitalı artırmağı planlaşdırırıq. Bildiyiniz kimi, kapital adekvatlığı tələbi 12% təşkil edir, bizdə isə bu rəqəm 13%-ə bərabərdir. Hesab edirik ki, ölkədə ən iri korporativ bak olaraq, müxtəlif növ bazar dəyişikliklərinə hazır olmalıyıq. Bununla əlaqədar, kapitalı artırmağı və adekvatlıq əmsalını 14%-ə çatdırmağı planlaşdırırıq”, - o vurğulayıb.
Həmçinin, Nağıyev bildirib ki, 2021-ci ilin yanvar-iyun aylarında bank aktivlərini 7,3% - 5 milyard 920,485 milyon manatadək, cəlb olunan vəsaitin həcmini 14% - 4 milyard 506,393 milyon manatadək artırıb.
Nağıyevin sözlərinə görə, birinci yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 33,28 milyon manat təşkil edib, bu da 2020-ci ilin analoji dövrünün göstəricisidnən 21,7% çoxdur.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, "Ador" MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
X.Nəsirzadə