“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2030-cu ilə qədər yeni nəsil Airbus A320neo və Airbus A321neo tipli 20-dək təyyarə ala bilər.
AZAL-ın prezidenti Cahangir Əsgərov çərşənbə günü “Airbus Group”un Şərqi və Şimali Avropada satış üzrə regional direktoru Sergey Nedbaylo ilə görüşüb.
“Danışıqlar zamanı “Azərbaycan Hava Yolları” aviaşirkətinin mövcud təyyarə parkının 2030-cu ilə qədər yenilənməsi barədə ilkin razılıq əldə edilib. Xüsusilə, müəyyən edilən dövrdə Airbus Group tərəfindən aviaşirkətə mövcud Airbus A319 və Airbus A320 təyyarələri əvəzinə yeni nəsil Airbus A320neo və Airbus A321neo tipli 20-dək təyyarə təchiz edilə bilər”, - AZAL-ın mətbuat xidməti məlumat verir.
Tərəflər əvvəlcədən sözügedən müasir hava gəmilərinin alınmasına dair təkliflər hazırlamaq barədə razılığa gəliblər. Bu təkliflər sonradan “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.
“Görüşdə həmçinin mülki aviasiyanın hazırkı vəziyyəti, pandemiyanın təsiri və koronavirus infeksiyasının mülki aviasiya sahəsinə yayılmasının nəticələri barədə fikir mübadiləsi aparılıb”, - məlumatda vurğulanır.
Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir. **
N.Abbasova