Daxili İşlər Nazirliyinin məlumatına görə, çərşənbə günü səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunda yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həlak olub, 25 nəfər xəsarət alıb.
“Ytol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həlak olub – bir nədər avtobus sərnişini, həmçinin yol kənarında dayanan 4 nəfər. Bundan əlavə, yol qəzasında 25 nəfər xəsarət alıb: onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb,17 nəfərin müalicəsi isə davam edir”, - DİN-in bəyanatında deyilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
“Yük avtomobilinin sürücüsü Mahmud Əzizov 3 ay müddətinə həbs edilib”, - DİN-dən məlumat verilir.
Xəbər verildiyi kimi, çərşənbə günü səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin versiyaya əsasən, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə, avtobus da aşıb. **
E.Şəfiyev