Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan noyabrın 8-də Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi mərasimində iştirak edəcəklər. Bu barədə Türkiyənin Habertürk telekanalı məlumat verir.
Telekanalın məlumatına görə, Hava Limanının istifadəyə verilməsi mərasimi Şuşa şəhərinin erməni işğalından azad edilməsinin ildönümünə həsr olunub.
Sentyabrın 5-də AZAL-ın təyyarəsi Qarabağda Füzuli Beynəlxalq Hava Limanına ilk dəfə eniş edib.
Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3 000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikinci radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.
Həmçinin Azərbaycan prezidentinin tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir. **
N.Abbasova