Oktyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Bu barədə Mili Məclisin mətbuat xidmətindən məlumat verilir.
Azərbaycan parlamentinin nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçünSankt-Peterburqda səfərdədir.
Görüş zamanı Matviyenko Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, iki ölkə arasında əlaqələrin hazırki səviyyəyə çatmasında qanunverici orqanlar arasında münasibətlərin rolunu qeyd edib.
Öz növbəsində, Milli Məclisin sədri Üçüncü Avrasiya Qadın Forumunun yüksək səviyyədə təşkil olunduğunu bildirib, belə forumları gender məsələlərini, həmçinin parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından imkan kimi dəyərləndirib.
Onun sözlərinə görə, ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanlar özünəməxsus rol oynayır.
Qafarova Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin inkişafında iki ölkənin dövlət başçılarının rolunu xüsusi vurğulayıb.
Milli Məclisin sədri deyib ki, hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb. Artıq münaqişə keçmişdə qalıb və Azərbaycan işğaldan azad olunan ərazilərinin bərpasına başlayıb. Onun sözlərinə görə, Ermənistan regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı təxribatlar törədir, xüsusilə minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina edir.
Həmçinin, parlamentin sədri Zəngəzur dəhlizinin yaradılmasının çox böyük əhəmiyyətiniqeyd edib. Belə ki, bu dəhlizin yaradılması həm regional kommunikasiyaların bərpasına, həm də regionun inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. **
A.Salayeva