Azərbaycan Qarabağda mədəniyyət və tarixi abidələrin dağıdılmasına görə beynəlxalq məhkəmələr vasitəsilə Ermənistandan zərərin ödənilməsini tələb edəcək. Bu barədə Azərbaycanın mədəniyət naziri Anar Kərimov bəyan edib.
“Biz azad edilmiş ərazilərdə Ermənistan tərəfindən dağıntıların həcmini qiymətləndirən müstəqil şirkətlərlə çalışırıq. Bundan sonra bütün məlumatlar beynəlxalq məhkəmələrə göndəriləcək. İstəyirik ki, Ermənistan dövlər olaraq ədalət məhkəməsi qarşısına çıxsın və təzminat ödəsin. Ermənistan Azərbaycan dövlətinə, xalqına, onun tarixi, mədəniyyəti və ətraf mühitinə qarşı cinayətlərinə görə məsuliyyət daşımalıdır”, - Kərimov Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Ermənistan 30 il ərzində yalnız Azərbaycan xalqına qarşı deyil, həm mədəni etnik təmizləmə siyasəti həyata keçirib.
“Məqsəd aydındır. Onlar həmin ərazidə əsrlər boyu yaşayan azərbaycanlıların izlərini silməyə çalışıblar. Bu məqsədlə Azərbaycanın tarixi və mədəni abidələri sistematik şəkildə məhv edilib. Əvvəl işğaldan azad edilmiş ərazilərdə 706 tarixi və mədəniyyət abidələri qeydə alınıb. Biz müəyyən etmişik ki, həmin abidələrin 75%-i (Ermənistan tərəfindən - İF) dağıdılıb”, - nazir bildirib.
Kərimov əlavə edib ki, Azərbaycan heç vaxt digər xalqıarın tarixi və mədəni abidələrinə qarşı mübarizə aparmayıb. “Biz nəinki həmin abidələri qoruyuruq, həm də bərpa edirik. Məqsəd nəinki sadəcə bərpa etmək, həm də əvvəlki ruhun, ənənələrin, dəyərlərin və ümumilikdə regionun canlanmasıdır. Bizim niyyətimiz qətidir. Yaxın gələcəkdə Qarabağ Azərbaycanın ən gözəl regionlarından birinə çevriləcək”, - nazir əlavə edib. **
E.Şəfiyev