Əlcəzairin “Sonatrach” şirkəti SOCAR ilə əməkdaşlığın inkişafında maraqlıdır.
Cümə axşamı SOCAR-ın prezidenti Rövnəq Abdullayev Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı səfiri Salima Abdelhak ilə görüşüb.
“Diplomat qeyd edib ki, Əlcəzair Avropanın enerji təchizatında təcrübəli oyunçulardan biri olmaqla, müvafiq ixrac infrastrukturuna malikdir. Əlcəzair qazı boru kəmərləri vasitəsilə, eləcə də mayeləşdirilmiş (LNG) halda bazarlara daşınır. Abdelhak Əlcəzairin “Sonatrach” şirkəti və SOCAR arasında əlaqələrin genişləndirilməsində, yeni əməkdaşlıq imkanlarının, o cümlədən, Avropa bazarında əməkdaşlıq imkanlarının araşdırılmasında maraqlı olduğunu qeyd edib”, - SOCAR-ın məlumatında bildirilir.
Öz növbəsində, Abdullayev “Sonatrach” şirkətinin yeni rəhbərliyi ilə görüşməkdən məmnun olacağını bildirib. O, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər olduğunu vurğulayıb.
“Qlobal pandemiyanın sona yaxınlaşdığı nəzərə alınaraq, “Sonatrach” şirkəti ilə SOCAR arasında əməkdaşlığın yenidən nəzərdən keçirilməsi razılaşdırılıb”, - məlumatda deyilir. **
N.Abbasova