"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ABŞ-ın "Boeing" korporasiyasından mövcud "Boeing 757", "Boeing 767" və "Airbus A340" təyyarələrinin 2030-cu ilin sonunadək əvəz edilməsi üçün yeni "Dreamliner" təyyarələri əldə etməyi planlaşdırır. Bu barədə AZAL-dan məlumat verilir.
Cümə axşamı AZAL-ın prezidenti Cahangir Əsgərov "Boeing Commercial Airplanes" şirkətinin Rusiya və MDB ölkələrində Satış və Marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşüb. Görüşdə həmçinin şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak edib.
“Görüşdə AZAL üçün yeni "Boeing 787 Dreamliner" təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib. Tərəflər "Boeing" korporasiyası tərəfindən 9 genişfüzelyajlı "Dreamliner" təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud "Boeing 757", "Boeing 767" və "Airbus A340" təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.”, - məlumatda deyilir.
Müvafiq təklif hazırlandıqdan sonra "Azərbaycan Hava Yolları" QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.
“Hazırda AZAL aviaşirkəti uzaqməsafəli istiqamətlərdə özünü doğruldan iki "Boeing 787-8 Dreamliner" təyyarəsini istismar edir. Qeyd etmək lazımdır ki, AZAL postsovet məkanında "Boeing 787-8 Dreamliner" təyyarəsi istismar edən ilk aviaşirkətdir. Aviaşirkətin hava gəmiləri parkına belə yeni təyyarələrin daxil edilməsi AZAL-ın bütün dünyada uçuşlarının coğrafiyasını daha da genişləndirəcək”, - məlumatda vurğulanır.
Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, eləcə də “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.**
N.Abbasova