SOCAR 2021-ci ilin yanvar-sentyabr aylarında 5 milyon 900,466 min ton neft hasil edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən 5 milyon 565,668 min ton neft hasil edilib. Beləliklə, 2021-ci ilin 9 ayı ərzində neft hasilatı 6% artıb.
SOCAR tərəfindən qaz hasilatı 5 milyard 873 milyon 773,941 min kubmetr (artım 7,1% - İF) təşkil edib.
Bununla yanaşı, 2021-ci ilin III rübündə şirkət tərəfindən 1 milyon 987,644 min ton neft və 2 milyard 2,497 milyon kubmetr qaz hasil edilib. 2020-ci ilin III rübünün göstəriciləri ilə müqayisədə neft hasilatı 10,2%, qaz hasilatı 8,7% artıb.
“COVID-19 vaksinasiya prosesinin kütləvi hal alması nəticəsində dünyada neftə olan tələbatın yüksəlməsi və OPEC+ razılaşması çərçivəsində hasilatın məhdudlaşdırılmasına qoyulan tələblərin yumşaldılması SOCAR-ın hasilat göstəricilərinin stabilləşməsinə və yüksəlməsinə səbəb olub”, - deyə məlumatda bildirilir.
SOCAR 2020-ci ildə 7 milyon 407,206 min ton neft (2019-cu illə müqayisədə azalma 3,6%) və 7 milyard 344,012 milyon kubmetr qaz (artım 7,7%) hasil edib. **
N.Abbasova