Xarici İşlər Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuzun qətlə yetirilməsini qınayıb.
XİN-in bəyanatında qeyd olunur ki, Ermənistanın dəstəklədiyi “qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır”.
Nazirliyin qiymətləndirmələrinə görə, bu insident “bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir”.
“Bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir”, - XİN-dən vurğulanır.
Daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəkiqanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub. Nazirlik Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribat kimi dəyərləndirib. **
R.Əhmədov