2021-ci ilin sentyabr ayında Azərbaycanda inflyasiya avqust ayında qeydə alınmış 0,5% səviyyəsində inflyasiyaya qarşı 1,8% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2021-ci ilin sentyabr ayında respublikada inflyasiya 1,8% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,6%, qeyri-ərzaq mallarının qiymətləri 0,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,5% bahalaşıb”, - Komitədən bildirilir.
Sentyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 5,2% (2021-ci ilin avqust ayının sonuna 4,8%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 6%, qeyri-ərzaq malları üzrə 4,4%, xidmətlər üzrə 4,6% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 2020-ci ildə qeydə alınmış 2,8%-ə qarşı 4,9% səviyyəsində proqnozlaşdırır.
AMB-nin qiymətləndirmələrinə görə, 2021-ci ildə orta illik inflyasiya 5,4-5,8% təşkil edəcək. **
N.Abbasova