"Azərbaycan Supermarket" MMC (“Bravo” ticarət markası altında fəaliyyət göstərir) 2026-cı ilə qədər ərzaq və qeyri-ərzaq malları bazarındakı payını artırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi materiallara görə, əgər 2019-cu ildə ərzaq və qeyri-ərzaq mallarının pərakəndə bazarında şirkətin payı 2% təşkil edirdisə, 2025-ci ildə cəmiyyət bu göstəricini 8%-dək artırmaq niyyətindədir.
Cəmiyyətin qiymətləndirmələrinə görə, 2025-ci ildə digər iri marketlər şəbəkələrinin payı 29%-dən (2019-cu ildə - İF) 39%-dək artacaq.
Eyni zamanda, 2025-ci ilin sonunadək kiçik mağazaların bazardakı payı 69%-dən 53%-dək azalacaq.
Cəmiyyətin materaillarına əsasən, 2021-2022-ci illərdə "Azərbaycan Supermarket" şəbəkənin inkişafına 50 milyon 695,875 min manat sərmayə yatırmağı planlaşdırır.
Həmçinin, «Superstore» tipli mağazaların inşası və yenidənqurması layihələrinə sərmayələrin həcmi 13 milyon 908,468 min manat, «Supermarket» tipli mağazaların - 17 milyon 734,825 min manat, «Convenience store» tipli mağazaların - 6 milyon 475,081 min manat, «Express» tipli mağazaların - 12 milyon 577,501 min manat təşkil edəcək.
“Azərbaycan Supermarket” MMC 2015-ci il fevral ayından Azərbaycanda fəaliyyət göstərir. Səhmdarları iki hüquqi (hər birinin payı – 25%) və bir fiziki şəxsdir – 50%.
2020-ci ilin sonuna MMC-nin aktivləri 465,5 milyon manata bərabərdir. Ötən il ərzində cəmiyyətin gəlirləri 512,9 milyon manat təşkil edib. **
X.Nəsirzadə