Azərbaycan və Türkiyə arasında Cənubi-Qafqaz Boru Kəməri magistralı ilə (Bakı-Tbilisi-Ərzurum) Azərbacan qazının alqı-satqısı ilə bağlı yeni müqavilə imzalanıb. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez məlumat verib.
“Təbii qaza olan tələbatın təmin edilməsinə dair danışıqlar müsbət istiqamətdə irəliləyir, qış yaxınlaşdıqca bu tələbat arta bilər. Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olacaq, Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql olunan əlavə 11 milyard kubmetr təbii qaz alışına dair müqavilə imzalanıb”, - Dönmez “Anadolu” agentliyinə bildirib.
Öz növbəsində, Azərbaycan hökumətindəki məlumatlı mənbə “İnterfaks-Azərbaycan” agentliyinə Türkiyə ilə yeni müqavilənin imzalandığını təsdiq edib.
“Hazırda Türkiyə ilə “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2” çərçivəsində illik 6 milyard qaz nəqlinə dair müqavilə qüvvədədir. Ona əlavə olaraq, yeni müqavilə imzalanıb. Yeni müqaviləyə əsasən, 2024-cü ilin sonunadək “Şahdəniz”in “Mərhələ-1” çərçivəsində illlik 3,5 milyard kubmetr qaz nəqli nəzərdə tutulur”, - mənbə məlumat verib.
Dünən Azərbaycanın energetika naziri Pərviz Şahbazovbəyan edib ki, yeni üqaviləyə əssaən, Azərbaycandan Türkiyəyə ümumi qaz tədarükünün həcmi illik 9.5 milyard kubmetr təşkil edəcək.
Xəbər verildiyi kimi, 2021-ci il aprelin 16-dək Azərbaycan qazının Türkiyəyə nəqli “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində müqavilələr əsasında həyata keçirilib. Lakin, aprelin 16-dan etibarən BOTAS ilə “Mərhələ-1” çərçivəsində qaz alqı-satqı müqaviləsinin müddti bitib və tədarük yalnız “Mərhələ-2” çərçivəsində müqavilə əsasında həyata keçirilib.
2020-ci ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 11 milyard 547,99 milyon kubmetr qaz (artım 20,5%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.**
N.Abbasova