2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30 milyard 350,1 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 16 milyard 406,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (artım 2,4%), 13 milyard 943,8 milyon manatlıq qeyri-ərzaq malları (artım 3,3%) satılıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49%-i ərzaq məhsullarının, 5,1%-i içkilər və tütün məmulatlarının, 15%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i avtomobil benzini və dizel yanacağının, 5,5%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-sentyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27,4%-i ticarət müəssisələri, 49%-i fərdi sahibkarlar tərəfindən, 23,5%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 22,5% artıb, fərdi sahibkarlar üzrə 2,7%, bazar və yarmarkalarda 3,9% azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 182,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,7 manatlıq qeyri-ərzaq malları alıb.
2020-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 1,3% azaldıb.*
B.Rüstəmbəyov