TURKUAZ layihəsi çərçivəsində konteynerdən ibarət ilk blok qatar Türkiyədən Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Zonasına yola salınıb. Bu barədə "ADY Container” MMC-nin ("Azərbaycan Dəmir Yolları" QSC-nin ADY törəmə şirkəti) məlumatında deyilir.
“TURKUAZ layihəsi çərçivəsində ölkənin işğaldan azad olunmuş ərazilərinə - Şərqi Zəngəzur İqtisadi Zonasına Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə konteyner daşıması həyata keçirilib. 28 konteynerdən ibarət ilk blok qatar Türkiyənin Tekirdağ bölgəsindən (İstanbul) yola salınıb. Konteynerlər 40 futluqdur”, - məlumatda qeyd olunur.
Şirkət qeyd edir ki, qatar Azərbaycan ərazisinə çatdıqdan sonra dəmir yolu nəqliyyatı vasitəsilə müəyyən olunmuş stansiyaya qədər gətiriləcək. Daha sonra konteynerlər avtomaşınlara aşırılaraq işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına çatdırılacaq.
“Qatarla payızlıq əkin üçün toxumluq buğda gətirilir”, - məlumatda bildirilir.
TURKUAZ layihəsi - “ADY Konteyner” in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsuldur. Layihə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaları həcminin artırılmasına yönəlib. **
N.Abbasova