Azərbaycan prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Füzuli şəhərinin azad edilməsinin əhəmiyyətini qeyd edib.
“Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan üç gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi”, - Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
“Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, “yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik. Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq”, - dövlət başçısı qeyd edib.
Prezident vurğulayıb ki, Füzuli rayonu erməni işğalı dövründə ən çox dağıntılara məruz qalmış rayondur.
““Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. (...) Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz”, - o deyib.
Əliyev əlavə edib ki, Azərbaycan hökuməti Füzuli şəhəri və Füzuli rayonunun kəndlərini bərpa edəcək. “Bu mürəkkəb prosesdir. Burada düzgün planlaşdırma, əraziləri minalardan təmizləmək vacibdir. Azad edilmiş rayonlar arasında ən çox sayda mina – 100 mindən çoxu məhz Füzuli rayonunda badırılmışdı. Buna görə bütün işlər paralel aparılmalıdır”.
O cümlədən, dövlət başçısı rayonda aparılan bərpa işlərin gedişini şərh edib. Xüsusilə, o qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 ay ərzində inşa olunub. **
A.Salayeva