Bu gün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddiası ilə bağlı dinləmələr keçiriləcək.
“Dinləmələr 2 gün – 18-19 oktyabr tarixlərində keçiriləcək. Məhkəmədə hakim Coan E.Donahyu sədrlik edəcək”, - deyə məhkəmənin saytında dərc olunmuş məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycan 2021-ci ilin sentyabr ayının sonunda Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Azərbaycan tərəfi bildirir ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir.
Azərbaycan məhkəmə sənədlərində bildirir ki, Ermənistan həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirir və nifrəti qızışdırır, azərbaycanlılara qarşı etnik zorakılıq, nifrət dolu ifadələrdən istifadə və irqçi təbliğat hökumət səviyyəsində aparılır.
Rəsmi Bakı qeyd edir ki, Ermənistanın etnik təmizləmə, mədəniyyəti silmə və azərbaycanlılara qarşı nifrətin qızışdırılması siyasəti və apardığı digər işlər Beynəlxalq Konvensiyaya zidd olaraq sistematik olaraq azərbaycanlıların hüquq və azadlıqlarını, eləcə də Azərbaycanın öz hüquqlarını pozur.
Azərbaycan tərəfinin qiymətləndirmələrinə görə, Ermənistan Beynəlxalq Konvensiyanın pozulmasına görə məsuliyyət daşıyır və Azərbaycana və xalqa dəymiş ziyanı ödəməlidir.*
X.Nəsirzadə