2021-ci ilin yanvar-sentyabr aylarında “Kapital Bank” ASC aktivlərini 13,2% - 5 milyard 916,038 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2021-ci il tarixinə bankın kredit portfeli 2 milyard 472,023 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 13,6% - İF) bərabərdir. Eyni zamanda, hesabat dövründə “Kapital Bank”ın istehlak kreditləşməsi üzrə portfeli 12,7% - 1 milyard 539,605 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 10,8% - 654,014 milyon manata qədər artıb.
Bankın öhdəlikləri 5 milyard 315,888 milyon manat (artım 15,7%) təşkil edir.
“Kapital Bank”ın depozit portfeli 4 milyard 558,804 milyon manata (artım 19,8%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 279,427 milyon manata (artım 19,9%) bərabərdir.
Sentyabrın 30-na bankın kapitalı 600,15 milyon manat (azalma 5,4%), nizamnamə kapitalı 245,85 milyon manat (dəyişməyib) təşkil edir.
Yanvar-sentyabr aylarının yekunları üzrə “Kapital Bank”ın xalis mənfəəti 135,181 milyon manat (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 45%) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).*
A.Əzizov