Azərbaycan hökuməti məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına qayıtması üçün səy göstərir. Bunu Prezident İlham Əliyev deyib.
“Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq”, - deyə dövlət başçısı Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı bildirib.
“Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik”, - deyə prezident əlavə edib.*
X.Nəsirzadə