“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2021-ci ilin yanvar-sentyabr aylarında yükaşırmanın həcmini 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21% - 4,298 milyon tona qədər artırıb. Bu barədə cəmiyyətin məlumatında deyilir.
Tranzit yüklərin payı ümumi yükaşırmanın 93%-ni təşkil edib.
Hesabat dövründə Bakı Limanı vasitəsi ilə daşınan ağırtonnajlı nəqliyyat vasitələrinin (TIR) sayında və Bərə terminalının vaqon aşırılmasında qismən azalma qeydə alınıb. Belə ki, qeyd edilən dövründə aşırılan avtonəqliyyat vasitələrinin sayı 28,491 min ədəd (azalma 11,5%), vaqon sayı isə 22,202 min ədəd olub.
Aşırılan konteynerlərin həcmi TEU ekvivalentində 30,774 min (artım 1,9%) olub.
Bu ilin yanvar-sentyabr aylarında limanda aşırılan quru yükün həcmi 856 min tondan çox olub. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 69%-lik artım deməkdir. Yükün əsas hissəsini isə Türkmənistan mənşəli gübrə məhsulları təşkil edib.
2021-ci ilin doqquz ayında Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmi 3 dəfə artaraq 1 milyon tona yaxın olub.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Ələt qəsəbəsində 400 hektar ərazidə həyata keçirilib. Hazırda burada bərə terminalı və tikinti işlərinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən Ro-Ro terminalı fəaliyyət göstərir. Limanın aşırma gücü 15 milyon ton quru yük və 100 min konteyner təşkil edir.
Limanın yenilənmiş məlumatına əsasən, növbəti mərhələdə liman ildə 25 milyon ton yük və 1 milyon TEU konteyneri aşırma gücünə malik olacaq.*
N.Abbasova