İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) yaş tütünün tədarükü və quru tütünün emalı ilə məşğul olan “Azərtütün” ASC-nin səhmlərinin 85%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib.
“Azərtütün” ASC Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşir.
Müəssisənin 17 milyon 281,464 min manatlıq 8 milyon 640, 732 min ədəd səhmi müsabiqəyə çıxarılıb.
2021-ci il oktyabrın 1-nə müəssisənin debitor borcları 63,36 min manat, öhdəlikləri 1 milyon 644,616 min manatdır.
İnvestisiya müsabiqəsinin şərtlərinə görə, iddiaçı azı 8 milyon manatlıq İnvestisiya Proqramı təqdim etməlidir. İnvestisiya Proqramı müəssisənin fəaliyyətinin bərpasına və genişləndirilməsinə yönəldilməlidir. Proqramda yeni texnologiyaların tətbiqi; istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi; yerli xammaldan istifadə olunması və yeni iş yerlərinin yaradılmasına dair təkliflər öz əksini tapmalıdır.
Müsabiqənin qalibi dövlət büdcəsinə ən azı 6,3 milyon manat ödəməlidir.
Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələri təsdiqləndiyi andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulan vəsaiti 30 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2021-ci il noyabrın 17-dək qəbul ediləcək. Təkliflər noyabrın 18-də qiymətləndiriləcək.
“Azərtütün” ASC-nin nizamnamə kapitalı 20 milyon 331,134 min manatdır. Müəssisədə 109 nəfər çalışır.*
B.Rüstəmbəyov