Oktyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Müdafiə naziri azad edilən ərazilərdə Ordumuz tərəfindən görülən işlər və Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verib”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən, əməkdaşlıq sahəsində əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
“X.Kolomina bölgədə sülhün təmin olunması istiqamətində NATO-nun müvafiq dəstəyi göstərməyə hazır olduğunu qeyd edib”, - deyə məlumatda qeyd olunur.
Görüşdə, həmçinin postmüharibə şəraiti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.*
E.Şəfiyev