Oktyabrın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Görüşdə bölgədəki yeni reallıqları nəzərə alaraq mövcud humanitar prioritetlər əsasında qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.
Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişədən sonra yaranmış yeni reallıqlar və Azərbaycan tərəfindən 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən konkret tədbirlər barədə ətraflı məlumat verib.
Jil Karbonye Yaxın Şərq bölgəsindən Azərbaycan əsilli vətəndaşlarının, xüsusilə qadın və uşaqların qaytarılması istiqamətində ölkəmizin tərəfindən görülən işlərin təqdirəlayiq olduğunu bildirib.
Tərəflər, həmçinin BQXK-nın bölgədəki humanitar missiyası ətrafında fikir mübadiləsi aparıblar.*
X.Nəsirzadə