Oktyabrın 18-də Ermənistan tərəfinin nümayəndələri BMT-nin Beynəlxalq Məhkəməsində keçirilən dinləmələrdə Bakının İrəvana qarşı təminat tədbirlərinin tətbiq edilməsi ilə bağlı irəli sürdüyü arqumentlərin inandırıcı olmadığını bildiriblər.
Belə ki, Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki (AİHM) daimi nümayəndəsi Yegişe Kirakosyan bəyan edib ki, Azərbaycan əsassız olaraq Ermənistanı Azərbaycan ərazilərinin minalanması əməliyyatlarında iştirak etməkdə ittiham edir. Onun sözlərinə görə, Ermənistan tərəfi nə Qarabağ ərazisində, nə də Azərbaycanın digər ərazilərində bununla məşğul olmur.
Ermənistan tərəfinin nümayəndələri dinləmələrin gedişində dəfələrlə Bakının iş üzrə materiallarının inandırıcı olmadığını bildiriblər.
“Azərbaycanın sorğusu saxta faktoloji iddiaya əsaslanır”, - deyə beynəlxalq hüquq üzrə professor Şon Mörfi Azərbaycanın Ermənistana qarşı təminat tədbirlərinin tətbiq edilməsi ilə bağlı xahişini şərh edərkən bildirib.*