“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Baltik və Şimal dənizlərində yükdaşıma bazarlarına çıxmağı planlaşdırır.
“ASCO artıq 7 ildir ki, fasiləsiz olaraq Xəzərdən kənar beynəlxalq sularda da gəmilərin istismarı ilə məşğuldur. Hazırda Qara və Aralıq dənizi hövzələrində ASCO-ya məxsus həm quru yük, həm də tanker gəmiləri yükdaşımalar həyata keçirirlər. Xarici sularda fəaliyyətin genişləndirilməsi və bir bazardan asılılığın aradan qaldırılması məqsədilə beynəlxalq aparıcı məsləhətçi şirkət “McKinsey” ilə birgə ASCO-nun 2030-cu ilə qədər dövrü əhatə edən Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi strategiyası hazırlanıb. Strategiyaya əsasən, ASCO Qara və Aralıq dənizi hövzələrindən əlavə, Baltik və Şimal dənizlərində də yükdaşıma fəaliyyəti göstərməyə hazırlaşır”, - deyə şirkətin məlumatında bildirilir.
Bu məqsədlə həmin bazarlar, orada yükdaşımalara cəlb edilməsi mümkün olan gəmi tipləri, sözügedən hövzələrdə fəaliyyət göstərmək üçün gəmilərə qoyulan tələblər və digər mühüm aspektlər ətraflı təhlil olunub.
“Sözsüz ki, bu bazarlara daxil olmaq üçün həmin hövzələrdə təsnifat cəmiyyətləri, gəmilərin daxil olacağı limanlar və digər aidiyyatı tənzimləyici qurumların sərt tələbləri, o cümlədən bayraq tələbləri mövcuddur. Hazırda ASCO tərəfindən bu istiqamətdə işlər davam etdirilir. Bu bazarlarda ASCO-nun rəqabət qabiliyyətinin təmin edilməsi, əməliyyat xərclərinin optimallaşdırılması, yarana biləcək hər hansı məhdudiyyətlərin aradan qaldırılması məqsədilə tələblərə, o cümlədən bayraq tələblərinə uyğun hazırlıq işləri aparılır”, - deyə ASCO qeyd edir.
Bir neçə gəminin həmin hövzələrə çıxarılması planlaşdırılır. Gəmilərin istismarı zamanı üstünlük şərtlərindən asılı olaraq, bu gəmilər Avropa (Portuqaliya, Malta və s.) və ya beynəlxalq gəmiçilik təcrübəsinə əsasən gəmi qeydiyyatı üçün cəlbedici şərait yaradılan digər zonalarda istismara veriləcək.
2021-ci ilin əvvəlinə ASCO-nun balansında ümumi dedveyti 568,7 min ton olan 265 gəmi və 11 üzən vasitə var.
Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 8 quru yük gəmisi və 3 tanker olmaqla, 11 gəmi istismar olunur.*
N.Abbasova