2021-ci il noyabrın 1-dən SOCAR-ın yeni istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsinə başlanılacaq.
“Sentyabrın 20-dən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayıb. Bu proses oktyabrın 29-dək davam edəcək. Noyabrın 1-dən bu istiqrazların BFB-də yerləşdirilməsinə başlayacağıq, noyabrın 2-də və ya 3-də isə təkrar qiymətli kağızlar bazarında əməliyyatlara başlamağı planlaşdırırıq”, - deyə SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi Əli Ağaoğlu “ARB24” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ilkin bazarda olduğu kimi, təkrar bazarda da aparılacaq əməliyyatlarda market-meyker qismində “PSG Kapital” İnvestisiya Şirkəti çıxış edəcək.
Ə.Ağaoğlu xatırladıb ki, yeni istiqrazların tədavül müddəti 5 ildir. Emissiya hər birinin nominal qiyməti $1 min olan 100 min ədəd istiqraza bölünüb. İllik faiz dərəcəsi 4.5%-dir və faiz gəlirlərinin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək.
SOCAR istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri müxtəlif layihələr üzrə öhdəliklərin maliyyələşdirilməsinə (Bakı Neft Emalı Zavodunun yenidən qurulması, Karbamid zavodunun tikintisi və s.) yönəltməyi nəzərdə tutur.
İstiqrazlara abunə yazılışında vətəndaşlarımız, Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi və ya müvəqqəti yaşamaq icazəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcəklər. Yerləşdirmədə üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcəkdir. İstiqrazları xarici fiziki və hüquqi şəxslər isə təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.
SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR istiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaq.
SOCAR 2016-cı ilin sentyabr ayında daxili bazarda $100 milyon həcmində istiqrazların ilk buraxılışını həyata keçirib. Şirkətin istiqrazlarına tələb $203,4 milyonu ötüb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd 5 illik istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasından ibarət olub. SOCAR istiqrazları üzrə gəlirlilik ildə 5% təşkil edib və faizlər hər 3 aydan bir ödənilib. SOCAR istiqrazlarının sonuncu kupon ödənişi cari ilin 17 oktyabr tarixində baş tutub. İstiqraz sahibləri 5 il ərzində $25 milyon gəlir əldə ediblər.*
N.Abbasova