“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) yeni nəsil “Kəlbəcər” neftdaşıyan tankerini ilk səfərinə yola salıb.
“ASCO rəhbərliyi “Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verib. Yükü dizel yanacağı olan tanker ilk səfərinə çıxıb. Gəmi Türkmənistanın Türkmənbaşı limanından Türkiyənin Gebze limanına doğru yola düşüb”, - deyə ASCO-nun məlumatında bildirilir.
“Kəlbəcər” tankeri 2021-ci ilin sentyabr ayında istismara verilib.
“Kəlbəcər” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi xam neft və neft məhsulların daşınması üçün nəzərdə tutulub. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.
Bu, RST12C layihəsi çərçivəsində inşa edilmiş ikinci tankerdir. Ötən ilin sonunda istismara verilən “Laçın” adlı ilk tanker Azərbaycan bayrağı altında xarici sularda istismar olunur.
ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda bu tip 2 tankerin tikintisi həyata keçirilir.
RST12C layihəsi Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb.*
N.Abbasova