Slovakiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və yenidənqurma layihələrində iştirak etməkdə maraqlıdır. Bunu Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da İvan Korçoku qəbul edib.
Nazir qeyd edib ki, Slovakiya dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə sadiqdir və bu əsasda ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
O, ölkəsinin Azərbaycanı iqtisadi əməkdaşlıq üçün yaxşı imkanlara malik olan bir ölkə kimi qəbul etdiyini vurğulayıb və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub.
İvan Korçok Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və yenidənqurma layihələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov