2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 7 milyard 342,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 3 milyard 352,7 milyon manat məbləğində heyvandarlıq, 3 milyard 989,4 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,6%, bitkiçilik məhsullarının istehsal həcmi 7,3% artıb.
9 ay ərzində respublikada 399,6 min ton ət (artım 3,2%), 1 milyon 627,3 min ton süd (artım 1,6%), 15,9 min ton yun (artım 0,1%), 491,3 ton barama (artım 10%) və 1 milyard 412,2 milyon ədəd yumurta (azalma 3,8%) istehsal edilib
Cari ilin oktyabr ayının 1-nə olan vəziyyətə görə, ölkədə 8 milyon 197,3 min baş qoyun və keçi, 2 milyon 666,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 289,2 min baş inək və camış mövcud olub.
DSK-nın məlumatına görə, kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Oktyabr ayının 1-nə kimi 1 milyon 639,2 min ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 6,7% çox tərəvəz toplanıb.
Bundan başqa, tarlalardan 984,8 min ton kartof (artım 3,6%), qarğıdalı da daxil olmaqla 3 milyon 246,8 min ton dənli və dənli paxlalı bitkiçilik məhsulları (artım 5,8%), 458,2 min ton bostan məhsulları (artım 2,7%), 740,1 min ton meyvə və giləmeyvə (artım 9,3%), 181 min ton üzüm (artım 7,4%), 1,013 min ton yaşıl çay yarpağı (artım 27%), 117 min ton şəkər çuğunduru (artım 30,3%), 45,1 min ton pambıq (artım 25%), 24,4 min ton günəbaxan (artım 0,1%) və 4,8 min ton tütün (artım 1,5%) yığılıb.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb.*
X.Nəsirzadə